Təranə Sadıqova
Açar sözlər: məktəbəqədər, uşaq, sosial, inkişaf, tərbiyə,
oyun, fəaliyyət, tərbiyəçi
Təranə Buta qızı Sadıqova
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAĞIN SOSİAL İNKİŞAFINDA OYUNUN ROLU
Xülasə. Məktəbəqədər dövr uşağın psixi inkişafı və
şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan oyundan istifadənin
imkanları genişdir. Oyun uşaqların hərtərəfli inkişafında, o cümlədən onların
sosial fallığının formalaşdırılmasında mühüm rol oynayır. Məktəbəqədər yaşlı
uşaqların sosial fəallığı dedikdə, onun rəngarəng fəaliyyətinin məcmusu nəzərdə tutulur. Sosial fəallıq uşağın müxtəlif fəaliyyətində ifadə
olunur: yeni biliklərin qazanılmasına tələbatda; didaktik oyun prosesində əqli
vəzifələrin yerinə yetirilməsi zamanı biliklərdən səmərəli və müstəqil istifadə
etmək bacarığında (əşya və hadisələrdə özünəməxsus cəhətləri tapmaq, düzgün əqli
nəticə çıxarmaq); fəhmlilik, hazırcavablıq, müşahidəçilikdə; Vətənə məhəbbətdə,
yaşıdları və yaşlılarla ünsiyyət prosesində xeyirxahlıqda; əşyalara, oyun
materialına qayğıkeş münasibətdə və s.
Uşaqların qarşısında oyunun məzmun və
qaydasının dəqiq açılması qaydalı oyunlara pedaqoji rəhbərliyin mühüm şərtidir.
Oyundan təlim-tərbiyə vasitəsi kimi istifadə etmək üçün tərbiyəçi ona düzgün
pedaqoji rəhbərlik etməlidir. Oyuna rəhbərliyi elə təşkil etmək lazımdır ki, o
uşağın fallığının və müstəqilliyinin inkişafına, onların özünütəşkilinə təsir
etsin.