AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTİTUTUN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTİTUTUN ELMİ ƏSƏRLƏRİ

Əməkdaşların elmi-metodik sahədə gördüyü işlər, elmi məqalələri institutun “Elmi əsərlər”ində özünə yer alır. “Elmi əsərlər” institutun fəaliyyət istiqamətlərindən biridir.

“Elmi əsərlər” 1934-cü il yanvar ayından nəşr olunur. Onun ilk redaktoru Qulam Məmmədli, sonralar prof. N.M. Kazımov, 2002-cü ildən “Elmi əsərlər”in baş redaktoru prof. A.O. Mehrabov, baş redaktor müavinləri professorlar Yəhya Kərimov və Əjdər Ağayev, məsul katibi prof. Akif Abbasov olmuşdur.

ARTİ-nin “Elmi əsərlər”i Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 11 iyul 2002-ci il tarixli 23 nömrəli əmri ilə qeydə alınmışdır.

Jurnal respublika Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 aprel 2010-cu il tarixli iclasında (protokol № 10-R) "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı"na daxil edilmişdir.

2014-cü ildən etibarən isə, jurnalın baş redaktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, baş redaktorun müavini prof. Akif Abbasov olmuşdur.

2016-ci ildə jurnalın baş redaktoru pedaqogika elmləri doktoru, professor, əməkdar müəllim, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Akif Nurağa oğlu Abbasov təyin edilmişdir.

Hazırda “Elmi əsərlər”in baş redaktorunun müavinləri pedaqogika elmləri doktoru, professor Hümeyir Hüseyn oğlu Əhmədov və pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Ağaqardaş oğlu Cavadov, məsul katib pedaqogika üzrə fəlsəfə doktoru İradə Böyükağa qızı Əmirəliyevadır.

“Elmi əsərlər”də əsasən aşağıdakı rubrikalar üzrə elmi məqalələr dərc olunur:

“Baş redaktordan”, “Ümumpedaqoji problemlər”, “Metodika: fənlərin tədrisi”, “Tərbiyə texnologiyaları”, “Məktəb və pedaqoji fikir tarixi”, “Məktəbşünaslıq”, “Pedaqoji diaqnostika məsələləri”, “Pedaqoji ekspertiza məsələləri”, “Müəllimin özünütəhsili”, “Psixologiya, yaş fiziologiyası, inklüziv təhsil”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Riyaziyyatın tədrisi metodikası”, “Fizikanın tədrisi metodikası”, “Kimyanın tədrisi metodikası”, “Biologiyanın tədrisi metodikası”, “İnformatikanın tədrisi metodikası”, “Ədəbiyyatın tədrisi metodikası”, “Azərbaycan dilinin tədrisi metodikası”, “Xarici dillərin tədrisi metodikası”, “Universitet həyatı”, “Musiqinin tədrisi metodikası”, “Tarixin tədrisi metodikası”, “Coğrafiyanın tədrisi metodikası”, “Təsviri incəsənətin tədrisi metodikası”, “Fiziki tərbiyənin tədrisi metodikası, idman və sağlam həyat tərzi”, “Texnologiya fəninin tədrisi metodikası”, “Həyat bilgisinin tədrisi metodikası”, “Təhsildə monitorinq və qiymətləndirmə”, “İnformasiya kommunikasiya texnologiyalarının təhsilə tətbiqi”, “Psixologiya və korreksiya pedaqogikası”, “Dərsdənkənar iş”, “Təhsilin keyfiyyətinin yüksəldilməsi və idarə olunması” və s.

“Elmi əsərlər”in səhifələrində nəinki institut əməkdaşlarının, həmçinin müxtəlif yerli və xarici ölkələrin ali və orta ixtisas təhsil müəssisələri alimlərinin və müəllimlərinin elmi məqalələri işıq üzü görür. Ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin üzvləri də təlim, tərbiyə və təhsil prosesinin səmərəli təşkili, sinfin və təhsil müəssisəsinin idarə olunması, fənlərin tədrisi ilə bağlı məqalələr təqdim edirlər.

Elmlər doktoru və fəlsəfə doktoru proqramları üzrə doktorant və dissertantlarının apardığı tədqiqatların nəticələrinə aid məqalələrinin çap olunması da diqqət mərkəzində dayanır.

“Elmi əsərlər”in ildə 6 nömrəsi işıq üzü görür. Materialların toplanması, qaydaya salınması, oxunması, redaktə olunması işində həm redaksiya heyəti üzvləri ilə yanaşı redaksiya fəalları pedaqogika üzrə fəlsəfə doktorları Lalə Məmmədli, baş mütəxəssis Dinarə Əsədova və Elmi katibliyin əməkdaşı Günel Quluzadə yaxından kömək göstərirlər.

“Elmi əsərlər”də respublika pedaqoqları ilə yanaşı xarici ölkə alimlərinin aktuallıq daşıyan məqalələrinə də geniş yer ayrılır. Belə ki, jurnalın son nömrələrində Moskva Təhsil İşçilərinin İxtisasının Artırılması və Peşə Yenidənhazırlanması Akademiyasının baş müəllimi Yelena Sidenkonun “Müəllimin fəaliyyəti motivlərinin qarşılıqlı əlaqəsi və onlar tərəfindən təlim metodlarının seçilməsi haqqında” və “Təhsil müəssisəsində innovasiyaların tətbiqi və həyata keçirilməsi zamanı idarəetmə fəaliyyətinin – SWOT – təhlili”; Huzhou Univeristetinin professoru, pedaqogika üzrə elmlər doktoru Lidya Pirojenkonun (Çin Xalq Respublikası) “Ukrayanda ali təhsilin modernləşdirilməsi: problem və perspektivlər” və “Çin Xalq Respublikasında təhsilin inkişafının əsas istiqamətləri”; Kastamonu Universitetinin Psixoloji danışmanlı və rəhbərlik fakültəsinin müəllimi Şənay Quliyeva-Kabaoğlunun (Türkiyə Respublikası) “Tələbə qızlarda identlik”; filologiya üzrə fəlsəfə doktoru, dosent, Huçjou Universitetinin Mədəniyyətlərarası Tədqiqat Mərkəzinin eksperti (ÇXR) İrina Şevlyakova-Borzenkonun “Ümumi orta təhsildə təlim prosesinin keyfiyyətinin monitorinqi: Belarus Respublikasında innovativ elmi-metodik təminatın hazırlanma təcrübəsi”, Rusiya Təhsil Akademiyasının Təhsilin İnkişafı Strategiyası İnstitutunun aparıcı elmi işçisi, Təhsil Texnologiyalarının İnkişafı İnstitutunun rektoru, professor Qalina Novikovanın “Humanist yanaşma əsasında müəllimlərin peşəkarlığının və səriştəliliyinin formalaşdırılması” və s. mövzularda elmi məqalələri çap olunmuşdur.

Son vaxtlarda jurnalda “Vətən Müharibəsində qazandığımız uğurlar” rubrikası ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamları, xalqa müraciəti, həmçinin bir sıra silsilə elmi məqalələr; Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş materiallar verilmişdir.

“Baş redaktordan” rubrikası altında “Azərbaycan müəllimlərinin XVI qurultayı: görülmüş işlər, təhsilin qarşısında dayanan mühüm vəzifələr, perspektivlər”, “Dərslik yazmaq məsuliyyət tələb edir”, “Elmi məqalənin yazılması savad, səriştə və məsuliyyət tələb edir” və s. mövzusunda materiallar nəşr olunmuşdur.

Həmin yazılar, pedaqoji ictimaiyyətin, müəllimlərin, pedaqoq və psixoloqların marağına səbəb olur. 

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI