Akif Nurağa oğlu Abbasov - baş redaktor

         Akif Nurağa oğlu Abbasov Şirvan (keçmiş Əli Bayramlı) şəhərində doğulub. Şəhərin 1 nömrəli (1957-1960) və 2 nömrəli (1960-1967) məktəblərində, M.F. Axundov adına Azərbaycan Dövlət Dillər İnstitutunda (hazırda ADU) təhsil alıb, ingilis-Azərbaycan dilləri müəllimi ixtisasına yiyələnib.

         Orta təhsilini tamamladıqdan sonra bir il (1967-1968) Əli Bayramlı şəhərində çıxan “İşıq” qəzeti redaksiyasında müxbir kimi çalışıb.

         Ali təhsilini başa vurub təyinatla Sabirabad rayonunun Şıxsalahlı və Qaragüney kənd məktəblərində (1973-1975) ingilis dili müəllimi işləyib. 

         1975-ci ildən Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (hazırda Təhsil İnstitutu) əməkdaşıdır.  Burada kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Eyni zamanda Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (hazırda Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində (1992-1998) işləyib. Hazırda Təhsil İnstitutunun elmi katibidir.

1987-ci ildə namizədlik (hazırda fəlsəfə doktoru), 1995-ci ildə doktorluq dissertasiyaları müdafiə edib.

A.N. Abbasov pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür; “Tərəqqi” medalına, dəfələrlə respublika Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. “Qızıl qələm” media mükafatı laureatıdır.

         Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktoru, Bakı Qızlar Universitetinin “Elmi əsərlər”i jurnalının baş redaktor müavinidir. Bir çox jurnalların redaksiya heyətlərinin üzvüdür.

Professor Akif Abbasovun elmi rəhbərliyi ilə 40-dan artıq elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.

Ədəbi-pedaqoji fəaliyyətə1966-cı ildən başlamışdır. İlk mətbu yazısı Əli Bayramlı şəhərində çıxan "İşıq" qəzetində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı bədii və elmi-kütləvi əsərlərlə çıxış etmişdir.

Elmi tədqiqatları ailə tərbiyəsi; təhsilalanların müstəqil ailə həyatına hazırlanması; mənəvi və hüquq tərbiyəsi; pedaqoji internatura; təhsil müəssisəsinin, təhsilin keyfiyyətinin idarə olunması; təlim və tərbiyə prosesinin optimallaşdırılması, məktəb və pedaqoji fikir tarixi və s. bu kimi problemlərə həsr olunub.

          Ümumtəhsil məktəbləri üçün 5 dərslik və dərs vəsaitinin (“Ailə”, “Ailə həyatının etika və psixologiyası” (Müəllimlər üçün metodik rəhbərlik), “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat”, V-XI siniflər üçün “İngilis dilindən imla və ifadə mətnləri məcmuəsi”, I siniflər üçün  ABC Book ingilis dili vəsaiti); ali məktəblər üçün 5 dərsliyin (”Pedaqogika”, “Pedaqogika nəzəriyyəsi və tarixi”, “Milli əxlaq və ailə etikası”,  “İxtisasa giriş”, “Ailə pedaqogikası”, “Milli dəyərlər”) və 2 dərs vəsaitinin (“Pedaqogika: Müntəxəbat”, “Ailə pedaqogikası: Müntəxəbat”, “Pedaqogika: müxtəsər konspekt və sxemlər”), xüsusi məktəblər üçün 4 dərsliyin (”Oxu (zəif eşidənlər üçün internat məktəbinin II, III, IV və V siniflər üçün); kolleclər üçün 2 dərsliyin (“Pedaqogika”, “Milli əxlaq və ailə etikası”), 40-dar artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin müəllifidir.

          Professor A.N. Abbasov “İngiliscə-azərbaycanca pedaqoji-psixoloji lüğət”ini (1999), “Azərbaycanca-ingiliscə pedaqoji-psixoloji terminlər lüğəti”ni (2006, 2019) tərtib edərək nəşrinə nail olmuşdur.

İngilis və rus dillərindən bədii tərcümələr edir. Rus və ingilis dillərindən tərcümələri ədəbi almanaxlarda, “Azərbaycan” və “Mütərcim” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, internet saytlarında çap olunur.  

Tərcümələri əsasında 11 kitab nəşr edilmişdir (“Küçə tinində hadisə”, “Tiflissayağı boşanma”, “Kristi Tökerin ölümü”; “Yağış altında pişik”, Somerset Moemin “Yağış”, “Yolagəlməz qadın”, “Edvard Barnardın ruh düşkünlüyü” povestləri; Qrehem Qrinin “Canlılar yaşayan otaq”, Mar Bayciyevin “Duel”, Georgi Xuqayevin “Andro və Sandro”, Touşan Esenovanın “Ali təhsilli arvad” pyesləri).

          Professor, yazıçı Akif Abbasovun (Nurağaoğlunun) bədii əsərlərinin 10 cildliyi nəşr olunub.

O, 5 romanın (“Aldanma sözlərə”, “Acı xatirələr”, “Samsundan başlanan yol”, “Sultan II Murad”, “Fateh Sultan Məhmət”), 2 pyesin (“Atatürk” və “Yaxşı dost”), 3 povestin (“Ananın ürəyinə gedən yol”, “Əliş və Anna dastanı”, “Yaxşı dost”) və çoxsaylı hekayələr kitablarının (“Banu və babası”, “Atilla və babası”, “Töhmət”, “Xəyanət”, “Lələşin ayaqqabısı”, “Uşaqlar üçün hekayələr”, “Taxta qaşıq”, “Xallı kəpənək”, “Gəl Məliyin dovğasına”, “Dədəmə oxşayırsan”, “Pensiya pulu”, “Qaş düzəltdiyi yerdə”, Gəlin”, “Müdirin ayağı”, “Bir qıçlı öz atasıdır”, “Geydirmə araq”, “Sənə quzu kəsim”, “Yumruq”, “Yumurta”, “Qızıləhməd almaları”, “Atatürk haqqında hekayələr” (1-ci və 2-ci kitablar), “Böyük türk”, “Zoğal mürəbbəsi və başqa hekayələr” və s.) müəllifidir.

         Akif Abbasovun “Atatürk” pyesi Azərbaycanda və Ankarada türk dilində nəşr olunmuşdur. Həmin pyes əsasında kinorejissor Babək Abbaszadə libretto yazmış, bəstəkar, professor Oqtay  Rəcəbov “Atatürk” operası bəstələmişdir.

Hazırda “Allahın bəlası – Atilla” və təhsil işçilərinin həyatından bəhs edən “Artıq adam” romanları üzərində işləyir.

Digər xəbərlər

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTUTU
ELMİ ƏSƏRLƏR JURNALININ REDAKSİYASI