Elmir İsgəndərov
Açar sözlər: tərbiyə, NLP, uğursuzluq, davranışlar,
ünsiyyət
Elmir Arif oğlu İsgəndərov
TƏRBİYƏ PRİNSİPLƏRİ NLP ASPEKTİNDƏ
Xülasə. Bütün dövrlərdə olduğu kimi, hazırkı
dövrdə də gənc nəslin elmi dünyagörüşünə, yüksək əxlaqi keyfiyyətlərə malik
olan, ahəngdar inkişaf etmiş, ictimai cəhətdən fəal olan, mənəvi zənginliyi, əxlaqi
saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət kimi tərbiyə olunması,
formalaşdırılması əsas vəzifələr sırasındadır. Tərbiyənin məzmunu, məqsədi, vəzifələri,
prinsipləri, planlılığı, qanunauyğunluqları bəzi nüanslarına görə dəyişsə də, əsas
etibarilə bütün dövrlər üçün oxşar əlamətləri daşımışdır. Ancaq eyni sözləri tərbiyənin
üsul, forma və metodları ilə bağlı demək olmaz. Dövr dəyişdikcə, cəmiyyətdə müəyyən
islahatlar getdikcə, xüsusilə informasiya texnologiyaları sürətlə inkişaf
etdikcə tərbiyədə də metodları dəyişdirmək, yeni üsul və vasitələr tətbiq etmək
zərurəti yaranır.
Müasir dövrdə öyrənmə əsaslı bu
metodologiyalardan biri Neyro Linqvistik Proqramlaşdırmadır (qısa şəkildə NLP).
Hazırda NLP-dən bir çox sahələrdə, o cümlədən təhsil, idarəetmə, ünsiyyət,
insan resursları, psixoloji xidmət və s. məsələlərdə istifadə olunur. NLP-nin
qurucularından olan C. Qrinder onu dünyadakı uğurlu düşüncə və fəaliyyət
standartlarının araşdırılıb istifadə olunması üçün planlanmış bir sürətli öyrənmə
strategiyası, NLP-nin linqvistik hissəsinin tədqiqatçısı R. Dilts onu yararlı və
faydalı olan hər şey, A.V. Uhde onu insanlararası ünsiyyəti əsas alan sistemli
bir çalışma, C. Okonor onu istifadə edilən dilin beyin və daha sonra ortaya
çıxan davranışlar üzərindəki təsiri adlandırmışdır.
Bu məqalədə NLP texnologiyasından tərbiyə
işində istifadənin imkanları araşdırılmış, tərbiyə prinsiplərinə yeni nöqteyi-nəzərdən
yanaşılmış, tərbiyəyə müasir yanaşma baxımından tərbiyə xüsusiyyətləri ilə
NLP-nin əsas prinsiplərinin qarşılıqlı əlaqəsi araşdırılmışdır. Bu əlaqələr tərbiyəçi
mövqeyində olan hər bir kə- sə elmi, pedaqoji, psixoloji və metodik cəhətdən
istiqamət verməkdə mühüm əhəmiyyətə malikdir. Tərbiyənin bütün dövrlər üçün
aktual olan prinsiplərinə NLP aspektindən yanaşdıqda yeni üsul və vasitələr müəyyənləşir,
tərbiyə prosesinin şəxsiyyəti hərtərəfli əhatə edərək kompleks şəkildə tətbiq
olunma imkanları genişlənir.