Təranə Əkbəri
ERMƏNİSTANIN AZƏRBAYCANA QARŞI
EKOLOJİ TERRORU
Xülasə. 1988-ci ildən Ermənistanın Azərbaycana
qarşı ərazi iddiasını reallaşdırmaq məqsədilə apardığı müharibə nəticəsində
Azərbaycan torpaqlarının 20%-i işğal edilmişdi. Uzun sürən işğaldan sonra 44
gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları
zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz
tərəfindən azad edilmişdir. Lakin düşmən işğaldan azad etdiyimiz ərazilərdə
özlərindən geriyə xarabalıqlar və ekoloji fəlakət qoyub gedib. Ermənistan 30 ilə yaxın bir müddətdə şüurlu surətdə təbiətimizi
məhv etməyə çalışmış, Azərbaycana qarşı ekoloji terror həyata keçirmiş, işğal
edilmiş ərazilərimiz də daxil olmaqla, təbii resursları kortəbii şəkildə
istismar etmiş, istehsal tullantıları ilə içməli su hövzələrini çirkləndirmiş və
ətraf mühitin ekoloji tarazlığını pozmuşdur. İşğal dövründə düşmən torpaqlarımızda,
meşələrimizdə, milli parklarımızda, qoruqlarımızda böyük vandalizm aktları törədib,
qiymətli ağaclar və digər nadir biomüxtəliflik
nümunələri işğalçı qüvvələr tərəfindən məhv edilib.
Azərbaycanın
içməli su mənbəyini təşkil edən çaylar Ermənistan ərazisindən axan kimyəvi,
bioloji və digər radioaktiv tullantılarla çirkləndirilmişdir. İllər keçdikcə
işğal olunmuş ərazilərdən axan su mənbələrinin çirklənməsi qiymətli balıq növlərinin
itirilməsinə və balıq ehtiyatlarının tükənməsinə səbəb olub. Azərbaycanın
işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göl və 10
su anbarı işğalçı Ermənistan tərəfindən ciddi antropogen təsirə məruz
qalmışdır.
Açar sözlər: ekoloji terror, erməni vandalları, işğaldan azad edilmiş ərazilər, Azərbaycan Respublikasının Qırmızı
Kitabı, biomüxtəliflik, Ermənistan, ətraf mühit