Kamilə Qinyaz qızı Kazımova
DEPRESSİYANIN GENETİK VƏ NEYROBİOLOJİ
NƏZƏRİYYƏLƏRİNƏ BAXIŞ
Xülasə. Məqalədə depressiya haqqında məlumat verilərək depressiyanın geniş
yayılmış, xroniki və təkrarlana bilən psixi pozuntu olduğu qeyd edilmişdir.
Depressiyanın etiologiyasında genetik amillərin əsas yer tutduğu, tədqiqatlar
nəticəsində monoziqot əkizlərdə depressiya riskinin diziqot əkizlərə nisbətən
daha yüksək olduğu qeyd edilmişdir. Monoziqot əkizlərdə depressiyanın
konkordans nisbəti 45-50%, diziqot əkizlərdə isə 15-20% arasında dəyişir.
Həmçinin məqalədə monoamin hipotezinin depressiyanın bioloji etiologiyasında
monoamin neyromediatrların çatışmazlığının rolunu izah etməyə çalışan bir
nəzəriyyə olduğu qeyd edilir. Son
tədqiqatların nəticələrinə əsasən depressiyanın etiologiyasında
neyromediatrların rolunun təkcə monoamin nəzəriyyəsi ilə izah edilmədiyi, depressiyanın
etiologiyası üçün hazırlanmış fərziyyələrin artıq molekulyar səviyyəyə keçdiyi
və gen ifadəsi nəzəriyyəsi ilə izah olunmağa çalışıldığı qeyd olunub. Neyroplastiklik
də depressiyanın neyrobioloji amilləri içərisində mühüm yer tutur. Depressiv
insanlarda beynin yeni sinir əlaqələri qurmaq və mövcud əlaqələri dəyişmək
qabiliyyəti, yəni neyroplastiklik zəifləyir. Məqalədə depressiyanın əsas
səbəblərindən birinin beyində neyrotransmitterlərin balansının pozulması olduğu
da öz əksini tapıb. Eyni zamanda, müasir
tədqiqatlarda iltihab nəzəriyyəsinin də depressiyanın inkişafında vacib olduğu
göstərilir; bu nəzəriyyəyə görə, iltihab prosesləri beynin müəyyən
bölgələrindəki dəyişikliklərə səbəb olur və depressiyanın simptomlarını
gücləndirir. Beyindəki struktur dəyişikliklər, xüsusən hipokampus, amiqdala və
prefrontal korteksdəki dəyişikliklər emosional disfunksiya və yaddaş
problemləri ilə əlaqələndirilir. Məqalənin sonunda depressiyanın genetik və neyrobioloji nəzəriyyələri
tədqiq olunmaqda davam etdiyi və bu tədqiqatların hər birinin həm
psixoterapiya, həm də profilaktika baxımından yeni perspektivlər açdığı qeyd
edilərək gələcəkdə depressiv insanlara fərdi yanaşmaların tətbiqi üçün böyük
potensial təqdim edilməsi baxımından əhəmiyyətli olduğu vurğulanmışdır.
Açar
sözlər: Depressiya, genetik amillıər, genlər, neyrotransmitter,
neyroplastiklik, neyrobioloji nəzəriyyələr, monoamin nəzəriyyəsi, iltihab
nəzəriyyəsi
