Vaqif Tahir oğlu Fətullayev
BEYNƏLXALQ İKİLİ
DİPLOM PROQRAMLARININ TƏŞKİLİ
Xülasə. Müasir dövrdə universitetlər qlobal rəqabət şəraitində fərqlənmək
üçün beynəlxalq tərəfdaşlıqları genişləndirir, tələbə və professor-müəllim
heyətinin mobilliyini təşviq edir, tədris proqramlarının beynəlxalq
tanınmasını gücləndirirlər. Bu məqsədlərə xidmət edən ikili diplom proqramları
(İDP) tələbələrə fərqli təhsil sistemlərində təcrübə qazanmaq, peşəkar
əlaqələr qurmaq və iş imkanlarını artırmaq imkanı yaradır. Həmçinin bu
proqramlar universitetlərin maliyyə, marketinq və elmi-tədqiqat resurslarını
səmərəli şəkildə bölüşməsinə şərait yaradır. Məqalədə İDP-lərin dizaynı və
idarə edilməsi üçün “WHEEL” (ÇARX) çərçivəsi təqdim olunur. Bu çərçivə
beynəlxalq əməkdaşlıq, proqram dizaynı, təcrübə mübadiləsi, tədris proqramlarının
təkmilləşdirilməsi və şəbəkələrin genişləndirilməsi kimi əsas istiqamətləri
əhatə edir. “WHEEL” çərçivəsi tərəfdaşların seçilməsindən tutmuş proqramın
keyfiyyət təminatı və tamamlanma tələblərinə qədər bütün mərhələlərdə
effektiv idarəetməni təmin edir. Məqalədə həmçinin İDP-lərin qarşılaşdığı çətinliklər,
məsələn, mədəni uyğunsuzluq, təhsil sistemləri arasında fərqlər və inzibati
məsuliyyətlərin qeyri-müəyyənliyi kimi məsələlər vurğulanır. Bu problemlərin
həlli üçün tərəfdaşlar arasında aydın kommunikasiya, tələbə dəstək
xidmətlərinin təkmilləşdirilməsi və keyfiyyət təminatı proseslərinin davamlı
monitorinqi tövsiyə olunur.
Açar sözlər: İkili diplom proqramları (İDP), ali
təhsil, beynəlxalq əməkdaşlıq, “WHEEL” çərçivəsi, keyfiyyət təminatı
