Pərvanə İntiqam qızı Hüseynova
AİLƏ ŞƏXSİYYƏTİN İNKİŞAFINDA
SOSİAL-MƏDƏNİ MÜHİT KİMİ
Xülasə. Müasir dövrdə insanın
sosiallaşmasında əsaslı rola malik olan faktorlardan biri ailədir və uşaq dünyaya
ilk dəfə ailədə göz açır. N. Gəncəvi ailəni uşağın düşdüyü ilk cəmiyyət
adlandırır və uşaqlar yaxşı və pis xüsusiyyətləri öz ailəsindən‚
valideynlərindən götürürlər. Hər bir ailə‚ istər pedaqoji‚ istər psixoloji‚ istər
sosial aspektdən‚ özündən sonra gələn ailələr üçün örnək rolunu oynayır və
burada böyüyən uşaqlar öz valideynlərinə məxsus olan ailə modelini gələcək
ailə həyatında təkrar edir.
Klassik yanaşma ailəni sosial
institut kimi müəyyən edir və onun əsasını təşkil edən nikah kişi ilə qadın
arasındakı sosial münasibətlərin formasıdır. Nikah‚ eyni zamanda‚ cinsi həyatı
tənzimləyir‚ ailə daxilində ər-arvad münasibətlərini‚ onların hüquq və
vəzifələrini‚ uşaqların tərbiyəsinin məqsədini müəyyən edir. Azərbaycan
Respublikasının Konstitusiyası təknikahlığı qanuni yolla təsbit etmişdir.
Cəmiyyətin sosial özəyi olan ailə
öz mənəvi mədəniyyəti və dəyərləri ilə cəmiyyətin sosial-ictimai mənzərəsini
yaradır. O öz mədəni səviyyəsinə uyğun şəxsiyyət yetişdirir və onun üzvləri
bir-biri ilə məişət birliyi‚ qarşılıqlı məsuliyyət və yardım‚ ümumi ailə
büdcəsi‚ valideynlər arasında və valideynlərlə uşaqlar arasındakı münasibətlər
sistemi vasitəsilə bağlı olurlar.
Açar sözlər: müasir ailə‚
ailə münasibətləri‚ müasir ailənin problemləri‚ ailə münaqişələri
