Rafael Mail oğlu Əliyev
OSMAN SARIVƏLLİNİN
YARADICILIĞININ JANR VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Xülasə. İyirminci yüzillik
Azərbaycan poeziyasında özünəməxsus yaradıcılıq üslubu və qopuzdan-sazdan gələn
ənənənin ruhuna bağlanmaq baxımından əvəzsizlik sərgiləyən sənətkarlar
sırasında Osman Sarıvəllinin xüsusi yeri var. Görkəmli sənətkarın zəngin ədəbi
irsi müxtəlif aspektlərdə fərqli təhlillərin mövzusuna çevrilmiş və bu gün də
eyni yanaşma paradiqmatik səviyyəsilə daha çox rəngarəngliklərlə özünü nümayiş
etdirir. Ruhu etibarilə xalq poeziyasına bağlı olan ədibin ayrı-ayrı şeirləri və
müxtəlif mövzularda yazdığı çeşidli ədəbiyyat nümunələri bunun göstəricisidir.
Min illərə dayanan adət-ənənələr, qəlibləşmiş dəyər və əxlaq normaları, etnosun
zəngin yaşam mədəniyyəti və s. müxtəlif formalarda ədibin əsərlərində özünə yer
almaqla spesifikləşir. Xalqın bütün parametrlərdə keçib gəldiyi yolun zənginliyini,
etnoqrafik mükəmməlliyini, türk şeir ənənəsinin ümumi dinamikasını
aydınlaşdırmaq və mahiyyətində daşınanların nədən ibarət olduğunu müəyyənləşdirmək
üçün O. Sarıvəlli yaradıcılığı əsaslı qaynaqdır.
Açar sözlər: O. Sarıvəlli,
xalq poeziyası, dil, üslub, ozan-aşıq yaradıcılığı, epos, dastan, folklor,
milli-mənəvi dəyərlər və s.
