Rəqsanə İsmayıl qızı Məmmədova
ƏXLAQİ-MƏNƏVİ DƏYƏRLƏRİN İNSAN HƏYATINA VƏ ŞƏXSİYYƏTİN
FORMALAŞMASINA TƏSİRİ: MÜTƏFƏKKİRLƏRİN BAXIŞLARI ƏSASINDA
Xülasə. Əxlaqi-mənəvi dəyərlər
cəmiyyətin inkişafında və fərdlərin formalaşmasında mühüm rol oynayır. Bu dəyərlər
uşaqlıqdan aşılanmalı və ailə, məktəb, cəmiyyət birlikdə bu istiqamətdə
çalışmalıdır. Filosoflar və psixoloqlar (Erikson, Locke, Rousseau, Dewey,
Vıqotski, Freire və b.) əxlaqın insan inkişafındakı əhəmiyyətini
vurğulamışlar. Klassik mütəfəkkirlər əxlaqi tərbiyəni ictimai harmoniyanın təməli
saymışlar.
Azərbaycan ziyalıları və “Molla Nəsrəddin”çilər maariflənmə
yolu ilə cəmiyyətin oyanmasına çalışmışlar. Ədəbiyyatda iblis və şeytan
obrazları əxlaqsızlığın simvolu kimi təqdim olunur. İnsan həm mələk, həm də
şeytani sifət daşıya bilər, onu ucaldan əxlaq və mənəviyyatdır. Əxlaq və mənəviyyat
insanın azadlığının, özünüdərk və kamilliyinin təməlidir. Böyük şəxsiyyətlərə
görə, sevgi, təmiz əxlaq və saf mənəviyyat insanlığın əsasıdır. Əxlaqi dəyərlərlə
yaşayan insan həm özünü, həm də cəmiyyətini ucaldır.
Açar sözlər: əxlaqi-mənəvi
dəyərlər, şəxsiyyətin formalaşması, mənəviyyat, əxlaq fəlsəfəsi, bəşəri dəyərlər,
dəyərlər
