Nabat Natiq qızı Əhmədova
ŞAGİRDLƏRİN
ÖYRƏNMƏ FƏALİYYƏTİNİN İNKİŞAFINDA MƏKTƏB MÜHİTİNİN ROLU
Xülasə.
Qloballaşan dünyada cəmiyyətdə, insan fəaliyyətində, münasibətlərində, yaşam tərzində,
təlim-tərbiyə təsisatlarında sürətli dəyişikliklər baş verməkdədir. Bütün bu
proseslər öyrənmə fəaliyyətinə yeni yanaşmalar və tələbatlarla müşayiət olunur.
Bununla əlaqədar olaraq təhsilin məzmununa yeni yanaşmalar, müasir təlim
metod və texnologiyaları, öyrənmə motivasiyası kimi məsələlər araşdırılır, tədqiqat
nəticələri gündəmə gəlir. Cəmiyyətdə baş verən köklü dəyişikliklərin mərkəzində
təhsil və ona münasibət dayanır. Məhz motivasiya insanı qarşısına qoyduğu məqsədə
çatmağa təhrik edir. Bundan başqa, insanın istənilən uğurlarının səbəbi təkcə
onun bilik və bacarığından asılı deyil, bu, həm də şəxs və onun motivlərindən
asılıdır. Motivə olunmamış insan, bir iş görməkdə tənbəllik edir, qarşısına
qoyduğu məqsədə çox vaxt çata bilmir. Fikrimizcə, insanın motivasiyası nə qədər
güclü olarsa, onun fəaliyyəti də bir o qədər uğurlu alınar. Hər cür müəllim-şagird
münasibətləri motivasiya sayəsində daha uğurlu alınır. Müəllim şagirdlərə təsir
etməsə onlar təlimdə fəal olmaz, müsbət motivlər yaranmaz, məktəbli qarşısına
uğurlu öyrənmə hədəfi qoya bilməz. Motivlərin öyrənilməsi məsələsi kifayət qədər
çətin təcrübi tapşırıqdır. Əgər təhsil və təlimin keyfiyyətini yüksəltmək istəyiriksə,
onda bu problemin həlli vacibdir.
Açar sözlər:
məktəb
mühiti, tərbiyə, inkişaf, motivasiya, müəllim-şagird
