Əfsanə Elşad qızı Əlizadə Hüseynli
İRƏVANDA TƏHSİLİN İNKİŞAFINDA LƏK-LƏK JURNALININ
ROLU
Xülasə. Qədim Azərbaycan torpaqlarından olan İrəvanda maarif və mədəniyyətin
inkişafında Azərbaycan ziyalıları önəmli rol oynamışdır. Bu şəhər dövrünün
aparıcı elm mərkəzlərindən biri olmaqla yanaşı, həm də maariflənmə hərəkatının
mühüm ocaqlarından hesab edilirdi. İrəvanda pedaqoji mühitin formalaşmasında
savadlı Azərbaycan ziyalılarının və elm adamlarının rolu danılmazdır. Bu məqalə
“Lək-lək” satirik jurnalının Azərbaycan maarifçiliyi və mətbuat tarixi
baxımından önəmini araşdırır. “Lək-lək” jurnalı “Molla Nəsrəddin” ənənələrinə
sadiq qalaraq, Azərbaycanda milli təhsilin və ana dili məktəblərinin inkişafını
təbliğ etmişdir. Jurnal satirik dillə geriliyi, savadsızlığı tənqid etməklə
yanaşı, eyni zamanda cəmiyyətdə gedən siyasi və sosial proseslərə işıq tuturdu.
Tədqiqatın aparılmasında əsas məqsəd jurnalın nəşr olunduğu dövrün ictimai və
siyasi mühitini, jurnalın məzmununun cəmiyyətə təsirini və maarifçilik
ideyalarının yayılmasında oynadığı rolu dəyərləndirmək olmuşdur.
Bu araşdırmada “Lək-lək” jurnalının maarifçilik və təhsil sahəsindəki
rolunu təhlil etmək üçün keyfiyyət tədqiqat metodlarından istifadə
edilmişdir. Araşdırma əsasən tarixi-sosioloji yanaşma üzərində qurulmuş, mənbə
analizi metodu ilə jurnal nömrələri, dövrün ictimai və siyasi vəziyyəti, habelə
Azərbaycan mətbuat tarixindəki rolu öyrənilmişdir. Tədqiqat çərçivəsində
jurnalın satirik məzmunu və onun ictimai dəyişikliyə təsiri diskurs analiz
vasitəsilə araşdırılmış, eyni zamanda maarifçilik ənənələri baxımından qiymətləndirilmişdir.
Habelə, jurnalın dövründəki sosial-mədəni şəraiti, onun özünəxas səciyyəvi cəhətləri
və milli kimliyin formalaşmasına təsiri üçün mətbuat tarixində aparılan
araşdırmaların nəticələrinə istinad edilmişdir.
Açar sözlər: Elm, Azərbaycan dili, Lək-Lək, Qərbi Azərbaycan,
maarifçilik.
