Püstəxanım Balayeva
TƏHSİL SİSTEMİNİN İNKİŞAFININ SƏMƏRƏLİLİYİ İSTİQAMƏTİNDƏ TƏDRİS MÜƏSSİSƏLƏRİNDƏ APARILAN QURUCULUQ İŞLƏRİ
Xülasə. Bu gün biz
artıq informasiya cəmiyyətinin üzvləri sayılırıq. İnformasiya cəmiyyətinin xarakterik
xüsusiyyəti informasiya texnologiyalarının insan həyatının bütün sahələrinə
nüfuz etməsi, informasiya sənayesi və biliklərin intensiv inkişaf etməsidir. Bu,
İKT-nin inkişafı nəticəsində formalaşan yeni tip cəmiyyətdir, buna biliklər cəmiyyəti
də deyilir. Burada insanın rifahının əsas şərti bilik, informasiya və onların səmərəli
tətbiqidir. Bu cəmiyyət zaman, məkan və siyasi sərhədləri aşaraq informasiya
mübadiləsinə imkan verir. Bu cəmiyyətdə həyat keyfiyyətinin bütün parametrlər
üzrə yüksəlməsi üçün elmə əsaslanan mühüm ictimai qərarlar qəbul edilir.
İnformasiya cəmiyyəti müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsinə, hər bir
toplumun özünütəsdiqinə də imkan verir. Kapital və işçi qüvvəsindən əlavə, bilik
də istehsalın əsas amilinə çevrilir. Müasir şəbəkə texnologiyaları
iqtisadiyyatın strukturunu dəyişməklə bərabər, zaman və məkan anlayışlarına
yeni məna verir. Təhsilin statusu daha da yüksəlir. Təhsil sisteminin vəzifəsi iqtisadiyyatın
inkişafını stimullaşdırmaq, cəmiyyətin və əmək bazarının sürətlə dəyişən tələblərinə
uyğun olaraq mütəxəssis hazırlığını təmin etməkdir.
Açar sözlər: mütəxəssis
hazırlığı, təhsil, inkişaf, cəmiyyət, pedaqoji yanaşmalar