Günel Oqtay qızı Şahinzadə
UŞAQ
EVLƏRİNDƏ BÖYÜYƏN UŞAQLARIN ÖZÜNÜQİYMƏTLƏNDİRMƏ PROBLEMİ
Xülasə. Ölkəmizdə uşaq evlərində
böyüyən uşaqların say göstəricisinə nəzər saldıqda məlum olur ki, illər üzrə
göstəricilər davamlı olaraq artmaqdadır. Belə ki, 1991-ci ildə ölkəmizdə 9, 2001-ci
ildə 10, 2021-ci ildə 13, 2023-cü ildə isə 16 uşaq evi vardır, həmin illərə
müvafiq olaraq uşaqların sayı isə 633 nəfərdən 846 nəfərədək artmışdır.
2023-cü ilin statistik qeydlərində bu uşaqların 792 nəfərini isə valideyn himayəsindən
məhrum olan uşaqlar təşkil edir (Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsi, 2023) [7].
İnsan
təkcə bioloji deyil eyni zamanda sosial varlıqdır. Buna görə də hər bir insanın
sosial münasibətlərə və mühitə tələbatı var. İnsan doğulduğu andan etibarən
içində olduğu cəmiyyətin normalarını mənimsəməyə başlayır, cəmiyyət
normaları ilə yanaşı insan eyni zamanda öz mənliyini də öyrənməyə və başa düşməyə
başlayır. Öz mənliyini, hisslərini, düşüncələrini və şəxsiyyətini öyrəndikcə
onu normalara uyğunlaşdırır. Hər bir insan özünü normalara uyğun gəlməsinə
görə şəxsiyyət kimi qiymətləndirir. Öz davranışlarını, düşüncə və hisslərini
məhz bu kontekstdən şərh edir. İnsanın davranışları uşaq yaşlarından ailəsi tərəfindən
normalara uyğun nizamlanır. Məhz özünü qiymətləndirmə də ilk öncə ətrafın
bizi necə qiymətləndirməsi ilə formalaşır.
Uşaq
evlərində yaşayan uşaqların say göstəricilərin tədricən artması bu uşaqların
özünüqiymətləndirmə mövzunun araşdırılmasının əhəmiyyətini vurğulayır. Məhz bu tədqiqatın məqsədi uşaq evlərində
olan uşaqların psixi sağlamlıq sferası, özünüqiymətləndirməsinin təhlili, bu
istiqamətdə ölkəmizdə və xaricdə dərc edilmiş məqalələrin təhlilinin
aparılması təşkil edir.
Açar sözlər: uşaq evləri, valideyn himayəsindən məhrum olmaq,
özünüqiymətləndirmə, şəxsiyyət, psixi sağlamlıq
