Fəridə Xudiyeva
TƏHSİLİN İDARƏEDİLMƏSİNDƏ DÖVLƏT-BİZNES TƏRƏFDAŞLIĞI SİSTEMİNİN
YARADILMASININ MÜHÜM ASPEKTLƏRİ
Xülasə. Qloballaşan dünyada iri şirkətlər, biznes
dairələri təhsil müəssisələri, xüsusən də universitetlərə ciddi maraq
göstərirlər. Ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunması üçün daha
səriştəli, innovativ təfəkkürlü işçilərə tələbatın artması nəticəsində biznes
dairələri təhsil müəssisələri ilə əməkdaşlıq münasibətlərinin qurulmasında
maraqlıdır. Bu faktora çox ciddi əhəmiyyətin verildiyi ölkələrdə (ABŞ, Böyük
Britaniya, Almaniya, Çin, Yaponiya, Cənubi Koreya) biznes qurumları
universitetlərdə tədris prosesinə, pedaqoji prosesə fəal müdaxilə edirlər.
Onlar tələbələr qarşısında konkret pedaqoji prosesdə layihələrlə çıxış edir,
hər bir tələbənin imkan və bacarıqlarını üzə çıxara biləcək tədqiqat
layihələrinin hazırlanmasını onların öz ixtiyarına buraxırlar. Çox zaman
tədqiqatlarda uğurlu nəticə əldə etmiş tələbə şirkət tərəfindən işlə təmin olunur.
Təhsil
biznesi-pedaqoji biznes bütün dünyada populyarlıq qazanır. Texnologiyanın
inkişaf meylləri insanları daim öz bacarıqlarını təkmilləşdirməyə məcbur edir.
Təhsil xidmətləri bazarı yeniyetmələr və öz ixtisaslarını artıran mütəxəssislər
arasında bərabər bölünür. Artıq
yeni qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa əsasən təhsil müəssisələrinin qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin
vəsaiti ilə yanaşı, digər mənbələrdən gəlir əldə etmək hüquqları müəyyənləşdirilmişdir.
Belə ki, Qanunun 38-ci maddəsinə əsasən “təhsil müəssisələri qanunvericiliklə
müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri
göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hüquqi və fiziki şəxslərdən
ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu mənbələrdən əldə
olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə büdcədən ayrılan vəsaitlərin
miqdarına təsir göstərmir və onun nizamnaməsinə uyğun olaraq sərbəst istifadə
edilir”.
Açar sözlər: sahibkarlıq fəaliyyəti, maliyyələşdirmə, təhsil sistemi, təhsil xidmətləri, büdcə